CutMeatDoner — Onlayn sifariş, ödəniş və çatdırılma platforması
CutMeatDoner sifarişləri telefon zəngi və Instagram mesajları ilə qəbul edirdi. Aqreqator platformalarında hər sifarişdən komissiya gedirdi, müştəri məlumatı restorana çatmırdı, menyunu və ya qiyməti dəyişmək üçün hər dəfə kənar adam gözlənilirdi. Onlayn ödəniş və çatdırılmanın izlənməsi ümumiyyətlə yox idi.
Aqreqatordan asılı olmayan, restoranın öz sifariş kanalını qurmaq qərara alındı: menyu bazadan idarə olunsun, qiymət və endirimlər serverdə hesablansın, ödəniş birbaşa restoranın hesabına getsin, sifarişin hazırlanmasından çatdırılmasına qədər hər addım bir paneldən görünsün.
Next.js 16 (App Router) və Supabase üzərində tam platforma quruldu. Menyu, qiymət və mağaza parametrləri paneldən dəyişir — deploy tələb olunmur; baza əlçatmaz olsa sayt statik kataloqa keçir və heç vaxt boş menyu göstərmir. Qiymət, promokod və minimum sifariş həddi client-dən gələn məlumata görə yox, sifariş yaradılarkən serverdə yenidən hesablanır; promokodlar brauzerə heç vaxt göndərilmir. Ödəniş epoint.az ilə həyata keçirilir: sifariş «awaiting_payment» statusunda başlayır və operator növbəsinə düşmür, «ödənildi» qərarı yalnız server-to-server callback-dən verilir, məbləğ serverdəki məbləğlə tutuşdurulur, az ödəniş rədd edilir. Apple Pay və Google Pay epoint Token Widget ilə əlavə edildi, səbət isə bank səhifəsinə keçiddə itmir. Admin, operator və kuryer üçün ayrıca panellər, canlı kuryer xəritəsi, müştəri üçün izləmə linki və ödənilməmiş sifarişlərin avtomatik ləğvi quruldu. Növbəti mərhələdə Clopos Open API v2 üzərindən kassa inteqrasiyası hazırlanır — saytdan gələn sifariş birbaşa mətbəxin POS növbəsinə düşəcək.
Restoran öz onlayn satış kanalına sahib oldu: komissiyasız sifariş, kart, Apple Pay və Google Pay ilə ödəniş, menyunun paneldən anında yenilənməsi və sifarişin başdan-sona izlənməsi. Müştəri bazası artıq restoranın öz sistemindədir.
